Coderanch forumuna məni Jeanne xanım yönləndirmişdi, SYBEX kitabı ilə bağlı ona email yazarkən. Forumla tanış olduqdan qısa müddət sonra başa düşdüm ki, foruma gəlmək sertifikata hazırlıq boyunca qəbul etdiyim ən doğru qərarlardan biri idi. Çox böyük faydasını gördüm. Foruma heç nə yazmadığım vaxtlarda belə hər gün və ya 1-2 gündən bir daxil olub bütün yeni postları oxuyurdum. Bilmədiyim sualların izahlarını oxuyaraq öyrənirdim, lazım gəldikdə qeydlər götürürdüm. Hələ hazırlığımı bitirmədən öncə imtahan mərkəzləri, imtahana qeydiyyat, sertifikatın əldə olunması ilə bağlı sualları görmüşdüm, ən azından ümumi təsəvvür yaranmışdı və həmin sualları bookmark etmişdim ki, hazırlıq müddəti bitdikdən sonra lazım gələrsə yenidən baxım.
Başa düşmədiyim sualları isə soruşurdum. Düzdür, ingiliscə fikirlərimi yazmaq mənim üçün çətin idi, həm də xeyli vaxtımı alırdı, amma bilmədiyim sualı öyrənmək xatirinə özümü məcbur edib yazırdım. Bu məcburiyyət eyni zamanda ingilis dilini inkişaf etdirməyə də böyük kömək edirdi. Hətta study guide`lərdə, test banklarında qarşıma çıxan sualların izahı qane etməyəndə, mövzunu tam mənimsəməyəndə ilk növbədə gəlib həmin sualı forumda axtarırdım. Güman edirdim ki, məndən öncə də kimsə o sualı forumda soruşa bilər və çox vaxt da elə olurdu. Forumda əksər suallar oxucu tam başa düşənə kimi dərindən, addım-addım izah edilir və bu da həmin mövzunu tam mənimsəməyə kömək edir.
Bundan əlavə namizədlərin öz təcrübələrini paylaşmalarının da böyük faydası var idi. Onların məsləhət və tövsiyələrindən yararlananda, artıq öncədən imtahan mühiti barədə təsəvvür formalaşırdı və gedib imtahanda hər hansı bir hadisə ilə qarşılaşanda sürpriz olmurdu. OCA ilə bağlı sualları ən dolğun şəkildə izah edən istifadəçi isə Roel De Nijs idi, onu tanımalısız 🙂