İlk öncə vurğulamaq istəyirəm ki, mən ixtisasca iqtisadçıyam və sertifikat imtahanına hazırlığa başlayana qədər java proqramlaşdırma dili üzrə artıq 2 il təcrübəm var idi. Hər şey Jeanne Boyarsky və Scott Selikoff`un “OCA: Oracle Certified Associate Java SE 8 Programmer I Study Guide: Exam 1Z0-808” (bundan sonra SYBEX) kitabını aldıqdan sonra başladı. İngilis dili səviyyəm qənaətbəxş deyildi, ilk günlər 1 saata 1 səhifə ancaq oxuyurdum, lüğətdən istifadə edə-edə. Gün ərzində təxminən 7-8 saat oxumağa vaxt ayırırdım və bu müddət ərzində maksimum 8-10 səhifə oxuya bilirdim. Daha yaxşı yadımda qalması üçün kitabdakı bütün kod nümunələrini yenidən IDE və ya Notepad`də yazaraq test (compile&run) edirdim.
Əvvəlcə “Introduction”, sonra isə “Appendix B” bölməsini oxudum. Kitabda “Assessment Test” bölməsi var idi, mövzulara başlamazdan əvvəl cari biliklərinizi yoxlamaq üçün nəzərdə tutulmuşdu. Demək olar ki, 3-4 sualı çətinliklə cavablandırmışdım, digər sualları isə bilməmişdim. Ümumiyyətlə, təzə-təzə hər şey mənə çox çətin gəlirdi. İçimdə bir qorxu var idi ki, onsuz da keçə bilməyəcəm, əbəs yerə əziyyət çəkməyim, elə bu başdan hər şeyi dayandırım. Çünki gələcəkdə, itirəcəyim vaxt və çəkəcəyim əziyyət ilə əlaqədar yarana biləcək hər hansı bir peşmançılıq hissi məni rahat buraxmırdı. Amma indiyə qədər elə bir hal olmamışdı ki, əziyyət çəkim və müsbət nəticəsini görməyim. Həm də sertifikatı ürəkdən istəyirdim, qarşıma məqsəd qoymuşdum və özümə söz vermişdim, ona görə də başqa çıxış yolum yox idi, davam etməli idim. Bu tərəddüdlər bir ay boyunca davam elədi, hər dəfə də ümidsizliyə qapılanda, “onsuz da başqa çıxış yolum yoxdur” deyib oxumağa davam edirdim. Bir aydan sonra yavaş-yavaş inam formalaşmağa başladı..
Kitab 6 chapter`dən ibarətdir və hər chapter`in sonunda mövzunu nə dərəcədə mənimsəyib-mənimsəmədiyinizi yoxlamaq üçün testlər var. Kitabı bir dəfə oxuyub bitirdikdən sonra həmin testlər üzrə nəticələrim aşağıdakı kimi olmuşdu (vaxt limiti tətbiq etmədən):
Sualları cavablandırmaq üçün kifayət qədər çox vaxt sərf edirdim. Amma real imtahanda orta hesabla bir sual üçün 1.5-2 dəqiqə vaxt ayrılır. Sertifikat suallarının formatı adətən maksimum şəkildə yığcamlaşdırılmış, qısadılmış şəkildə olur, kod müəyyən qədər qarmaşa şəklində görünür. Gözün koda öyrəşməsi, kodun təhlil edilməsi istər-istəməz əlavə vaxt alır. Vaxtımı effektiv şəkildə idarə etməyi öyrənməli idim. Ona görə də Coderanch forumundakı bəzi təcrübəli istifadəçilərin məsləhəti ilə Chapter 4`dən başlayaraq IDE istifadə etməyi dayandırdım və Notepad istifadə etməyə başladım. Artıq kodları notepad`də yazaraq cmd`də yavac/java
ilə test (compile&run) edirdim. Bu üsul müəyyən qədər səbr tələb etdiyindən ilk günlər çox çətin gəlirdi. Amma sonra öyrəşdikcə zövq almağa başladım və çox böyük faydasını gördüm. Artıq massiv ilə length
, String ilə length()
işləndiyini yadda saxlaya bildim 🙂