İmtahanı çalışın çox erkən saatlara salmayın ki, gece yuxunuzu tam alasınız. İmtahandan bir gün öncə yaxşıca dincəlin və imtahan günü səhər yeməyini yeməyi unutmayın (əgər imtahanınızı səhər saatlarına təyin etmisinizsə). Çünki 2-2.5 saat ərzində beyniniz fasiləsiz olaraq işləyəcək, mümkün qədər enerjili və gümrah olmalısınız 🙂
Çalışın imtahan mərkəzinə 30 dəqiqə öncədən gəlin. Özünüzlə şəxsiyyətinizi təsdiq edən 2 sənəd gətirməlisiniz, şəxsiyyət vəsiqəsindən əlavə ikinci rəsmi sənəd də tələb olunur. Bu sürücülük vəsiqəsi, xarici pasport, plastik bank kartı və s. ola bilər. İmtahan mərkəzində sənədləriniz yoxlanıldıqdan sonra şəkliniz çəkilir. İmtahan otağına daxil olmadan öncə üzərinizdəki bütün əşyaları təhvil verirsiniz, içəriyə heç bir əşya (hətta adi kağız) keçirilməsinə icazə verilmir. Test Mərkəzi tərəfindən sizə kağız və qələm verilir. İmtahan zalına daxil olmadan öncə qələmin yazıb-yazmamasını yoxlayın.
İmtahan zalı müasir standartlara tam olaraq cavab verməsə də, imtahan üçün bütün lazımı şərait yaradılmışdı. Zalda 4 ya 5 nəfər eyni zamanda imtahan verir və nəzarətçilər tərəfindən maksimum sakitçilik təmin edilir. Nəzarətçi otaqdan çıxdıqda qapı açarla bağlanılır və kənar şəxslər nəzarətsiz otağa daxil ola bilmir. Həmçinin siz özünüz də imtahana başladıqdan sonra, imtahanı bitirənədək otağı tərk edə bilməzsiniz. İmtahanın 2-2.5 saat çəkəcəyini nəzərə alaraq hər şeyi əvvəlcədən “götür-qoy” etməyiniz arzuolunandır.
Kağız-qələmlə yanaşı kiçik qulaqlıq (probka) da verilir, əgər tənəffüs zamanı səs-küy olarsa istifadə etmək üçün. Amma məndə ehtiyac olmadı.
İmtahan zamanı təmkinli olmağa çalışın. Ola bilər ki, ilkin suallar sizə çətin gəlsin. Belə olduqda dərhal narahatçılıq hissi və ya həyəcan keçirməyin, təmkininizi qorumağa çalışın. Bir neçə sualdan sonra artıq hər şey qaydasına düşəcək. Özüm də imtahanda bu situasiya ilə rastlaşmışdım. Müəyyən qədər həyəcan, narahatçılıq keçirdim. Amma Enthuware mock exam`lardan müəyyən təcrübəm var idi artıq, orada da bəzi Standard Test`lər çətin suallarla başlayıb getdikcə rahatlaşırdı. Bilmədiyiniz suallar üzərində çox vaxtınızı itirməyin. Əgər hər hansı bir sualı tapmaq üçün 1.5-2 dəqiqədən artıq vaxt xərcələmiş və doğru cavabını tapa bilmədinizsə, növbəti suala keçin. Həmin sualı “mark” edin və sonda yenidən baxın. Bəlkə də sualdakı hansısa kiçik nüans diqqətiniz qaçır, ola bilər ki, təkrar baxdıqda bir neçə saniyəyə də tapasınız. Sualların hamısını bitirdikdən sonra çalışın sonda bütün suallara təkrar bir də göz gəzdirmək üçün 20-25 dəqiqə vaxtınız qalsın. Yazdığınız cavablara əmin olmaq baxımından çox böyük faydası var.
Vacib bir məqamı da qeyd edim ki, imtahandan öncə mütləq CertView saytında qeydiyyatdan keçməlisiniz. Bu barədə növbəti addımda ətraflı məlumat veriləcək.
Qeyd. Yuxarıda qeyd edilən fikirlər imtahan verdiyim Test Mərkəzinə (Xarici Dillər Universiteti, IBT Test Mərkəzi) istinadən yazılıb. Əgər bu məqaləni oxuyanlar arasında imtahan vermiş şəxslər varsa, zəhmət olmasa məqalənin komment bölümündə imtahan verdikləri test mərkəzi haqqında öz fikirlərini paylaşsınlar. Bu minvalla test mərkəzləri arasında müqayisə aparmaq və seçim etmək hamımız üçün daha rahat olar. Əvvəlcədən təşəkkürlər!