İlk öncə qeyd edim, bundan sonra bəzi yazıları blog post şəkilində paylaşacam, qalıcı olsun, axtaranda rahat tapmaq olsun deyə, arada it-bat olub tarixə qovuşmasın 🙂
“Proqramlaşdırma üzrə vakansiyalar” haqqında əvvəllər qeyd etmişdim, qısaca özətləyim; şəxsi ehtiyacdan doğmuşdu, sonradan fb səhifəyə çevrildi, bu barədə bu fb postumda qeyd etmişəm. İndi artıq android əməliyyat sistemli telefonlar üçün mobil tətbiq də hazırdı:
https://play.google.com/store/apps/details?id=az.mm.programmervacancies
Proqramın interfeysi çox sadədir, əsas iki səhifədən ibarətdir: vakansiyaların siyahısı və vakansiyanın detalları haqqında məlumatlar. Vakansiyaları sosial şəbəkələr və s. vasitəsilə paylaşmaq mümkündür. Proqramı offline rejimində istifadə etmək imkanı da mövcuddur, amma yenilənmiş son vakansiyaları görmək, vakansiyaların mənbəyinə baxmaq, onları paylaşmaq üçün internet əlaqəsi zəruridir.
Androidi öyrənmək çoxdan planlarımda var idi, bu proqram da başlamaq üçün yaxşı bir bəhanə oldu. Anar Samadovun tövsiyəsi ilə http://www.androidhive.info/ -dan test üçün bir proyekt götürdüm, başladım redaktə edə-edə öyrənməyə və sonda bu tətbiq ortaya çıxdı, hələ ki, test rejimində çalışır. Ən çox əziyyət çəkdiyim şey proqram üçün ikonun seçilməsi oldu. Şəkildə soldan sağa doğru ikonları dəyişə-dəyişə getmişəm və hələ ki, 17-ci ikonda dayanmışam 😀 Fürsətdən istifadə edib buradan bütün dizaynerlərə səbir arzu edirəm 🙂
Bu iş üzrə növbəti etap olaraq proqramlaşdırma üzrə beynəlxalq vakansiyaların da əlavə edilməsini düşünürəm. İlkin olaraq özümə maraqlı olan əsas bir neçə ölkəni siyahıma daxil etmişəm – ABŞ, Kanada, Avstraliya və Almaniya. Əsas maraqlı olan bu ölkələrdə proqramlaşdırma üzrə tələblərdir, hansı texnologiyaları istəmələridir. Əgər istədiyim kimi hazır edə bilsəm, mütəmadi olaraq vakansiyaları izləyə və mövcud imkanlar daxilində özümüzü həmin tələblərə bacardığımız qədər kökləyə bilərik. Həmçinin dünya üzrə ən çox hansı texnologiyaların istifadə edildiyindən də xəbərdar olmuş olarıq. Amma beynəlxalq vakansiya saytlarını analiz etmək, nəticə çıxarmaq vaxt aparan və əziyyətli bir işdir. Təsəvvür edin, bizdə bəzən əsas iş elanı saytlarında proqramlaşdırma üzrə hətta bir neçə gün ərzində heç bir ədəd belə yeni vakansiya olmur. Amma misal üçün ABŞ-da tək bir iş elanı saytı üzrə ancaq son 24 saat ərzində təkcə java proqramçı vəzifəsi üzrə sorğu verdikdə təxminən 200-300-dən çox vakansiya çıxır. Bunları optimallaşdırmaq, qruplaşdırmaq, aralarından seçim etmək və s. hamısı vaxt tələb edir. Qismət deyək 🙂
Sonda diqqətiniz üçün təşəkkür edir və tətbiqin hazırkı durumu ilə bağlı nöqsan və ya təklifləriniz olarsa, qeyd etməyinizi xahiş edirəm.
Uğurlar 🙂 Yeni tətbiqlər gözləyirik ))
Çox sağ ol, minnətdaram 🙂